Xürrəm Sultan
Xürrəm Sultan | |
---|---|
Şəxsi məlumatlar | |
Vəfat tarixi | 15 aprel 1558[1] |
Vəfat yeri | |
Dəfn yeri | |
Həyat yoldaşı | |
Uşaqları | |
Vikianbarda əlaqəli mediafayllar |
Xürrəm Sultan (Osmanlı türkcəsi: خُرَّم خاصيكي سلطان; əsl adı Aleksandra Lisovska; v. 15 aprel 1558[1], Topqapı sarayı, İstanbul[2]) — Osmanlı imperiyasının 10. padşahı və 89. İslam xəlifəsi I Süleymanın nikahlı qadını və Sultan II. Səlimin anasıdır.
Maraqlı həyatı, intriqaları, zəkası, cəsarəti və sevgisi ilə məşhurlaşan bir Xanım Sultandır.[3] Siyasətdə və dövlət işlərində önəmli rol oynayaraq, Osmanlı tarixində "Qadınlar səltənəti" adlanan bir mərhələni başlatmışdır.[3] Bununla yanaşı, Osmanlı tarixinin ən güclü və ən təsirli qadın sultanı olaraq qəbul edilir.[4] Dövlət məsələlərindəki önəmli rolu və təsiri ilə ona qarşı olan paşaları, dövlət adamlarını və hətta hərəmxanadakı rəqiblərini aradan qaldırmışdır.
Əsli
[redaktə | mənbəni redaktə et]Osmanlı sarayına qədərki həyatı haqqında müxtəlif fikirlər mövcuddur.[3] Lehistan Krallığı ərazisinə daxil olan Rutenya (indiki Ukrayna) ərazisində 1504 tarixində provaslav bir ailədə dünyaya gəldiyi söylənilir.[5][6] Tatar quldur dəstələri tərəfindən əsir alınaraq 1520 tarixində 15 yaşlarında Krım sarayına satılmış, daha sonra Sultan I Süleymana hədiyyə olaraq İstanbula göndərilmişdir.[3][4] Daha sonralar adı dəyişdirilərək Xürrəm (farsca şən, üzü gülər) qoyulmuşdur.
Fiziki görünüşü
[redaktə | mənbəni redaktə et]O dönəmin Avropa elçiləri tərəfindən qızılı saçlı, yaşıl gözlü və ağ dərili olduğu vurğulanır. Əri Sultan Süleymanın da ona yazdığı şeirlərdə bu məlumatlar bir daha təsdiqlənir. Ona aid edilən bütün portretlər rəssamların xəyallarından ibarətdir, çünki o dönəmdə Xürrəm Sultanı saray əhlindən başqa heç kəs görməmişdir. Buna baxmayaraq Osmanlı tarixində ən çox portreti çəkilən qadın sultandır.[4]
Saraydakı həyatı
[redaktə | mənbəni redaktə et]Saraya gəlişi
[redaktə | mənbəni redaktə et]Xürrəm Sultanın saraya gəlişi və Qanuni ilə tanışması haqqında dəqiq məlumat yoxdur. Şahzadəliyi və ya sultanlığının ilk ilində hərəmxanaya daxil olduğu düşünülür.[3] Xürrəm Sultan saraya gətiriləndə I Süleymanın Mahidövran Sultandan artıq şahzadə Mustafa adlı bir övladı var idi. Sarayın ən nüfuzlu qadını padşahın anası Ayşə Hafsa Sultan, ikinci dərəcəli qadın isə Mahidövran Sultan idi.[3] Xürrəm saraya gəldikdən sonra 1521 tarixində şahzadə Mehmed dünyaya gəldi və beləliklə, Xürrəm Sultan saraydakı ən nüfuzlu üçüncü qadın oldu. İki hasəki qadın arasındakı rəqabət getdikcə güclənmiş və bu rəqabət Mahidövran Sultanın əleyhinə nəticələnmişdir.[3]
Qanuni Sultan Süleymanla nikaha girməsi
[redaktə | mənbəni redaktə et]Nikahla birlikdə bir ilk baş verir və dünyanın ən güclü imperatorunun qadını olur. Beləliklə, padşahın kölə qadınlarına verdiyi Hasəki ünvanı, Hasəki Sultan olaraq dəyişdirildi.[3] Xürrəm Sultanın bu nikahla saraydakı gücü artdı və Mahidövran Sultanı ötüb keçdi.[7] Xürrəm Sultan şahzadə Cahangirin dünyaya gəlişindən sonra möhtəşəm bir toy mərasimi ilə nikahlandı. Təqribən iyun 1534 tarixində gerçəkləşən bu mərasim Osmanlı tarixində ilk dəfə bir sultanın bir köləyə nikah kəsməsi ilə qeydə düşmüşdür.[3][8][9]
Hərəmxana idarəsini ələ alması
[redaktə | mənbəni redaktə et]Mahidövran ilə Xürrəm Sultan arasındakı mübarizədə Mahidövran Sultanı dəstəkləyən və oğlu üzərində böyük nüfuza sahib olan Validə Ayşə Hafizə Sultanın 1534 tarixindəki ölümü ilə Xürrəm Sultanın saraydakı intriqaları daha da artmış və hərəmxananın idarəsini ələ almışdır. Ancaq Mahidövran Sultan vəliəhd anası olduğu üçün Validə Sultanın ölümündən sonra özünü Validə Sultanlığa hazırlamağa başlamışdır.
Övladları
[redaktə | mənbəni redaktə et]Xürrəm Sultanın saraya gəldikdən sonra dünyaya gətirdiyi övladları aşağıdakılardır[10] :
- Şahzadə Mehmed — 1521 tarixində dünyaya gəlmiş, 1543-cü ildə Manisa sancaqbəyi ikən bilinməyən bir səbəbdən vəfat etmişdir.[11]
- Mihrimah Sultan — 1522 tarixində dünyaya gəlmiş, 15 yaşında Kürəkən Rüstəm Paşa ilə evləndirilmişdir. 1578-ci ildə vəfat etmişdir.
- Şahzadə Abdullah — 1522 və ya 1523 tarixində dünyaya gəlmiş və təqribən 1526 tarixində uşaq xəstəliyindən ölmüşdür.[4]
- Şahzadə Səlim — 1524-cü ildə dünyaya gəlmişdir.[11] Anasının ölümündən sonra doğma qardaşı şahzadə Bəyazidlə taxt uğrunda mübarizə aparmışdır. Atasının dəstəyi ilə bu mübarizədə qalib gələrək vəliəhd elan edilmişdir. Sultan Süleymanın ölümündən sonra II Səlim adı ilə Osmanlı padşahı olmuşdur. 1574 tarixinə qədər taxtda qalmışdır
- Şahzadə Bəyazid — 1525-ci ildə dünyaya gəlmişdir.[11] Anasının ölümündən sonra doğma qardaşı Şahzadə Səlimlə taxt uğrunda mübarizə aparmışdır. Mübarizədə məğlub olaraq Səfəvilərə sığınmış, ancaq atası I Süleymanın Səfəvi şahı I. Təhmasiblə gəldiyi razılığa görə 1561 tarixində Osmanlı elçiləri tərəfindən boğularaq öldürülmüşdür.[12]
- Şahzadə Cahangir — 1531 tarixində dünyaya gəlmiş və 1553-cü ildə vəfat etmişdir.
Sədrəzəm İbrahim Paşanın edamı
[redaktə | mənbəni redaktə et]Sədrəzəm Parqalı Kürəkən İbrahim Paşa taxt namizədi olaraq I Süleymanın Mahidövran Sultandan olan oğlu şahzadə Mustafanı dəstəkləyirdi. İbrahim Paşanın İraqeyn Səfərindən döndükdən sonra 14 mart 1536 gecəsi otağında boğdurularaq edam edilməsi, hamıdan çox Xürrəm Sultanı sevindirdi. Buna görə də uşaqlığından bəri Qanuni ilə yaxın dost olan İbrahim Paşanın gözdən düşüb edam edilməsində Xürrəm Sultanın təsirinin böyük olduğu söylənilir. Ancaq İbrahim Paşanın edam edilməsində özünün də böyük səhvləri olmuşdur. Belə ki, vəzifələri artdıqca özünü sultandan üstün görməsi və son səfəri olan İraqeyn Səfərində özünə Sultan titulu götürməsi onun sonunu hazırlamışdır.[3]
Hərəmxananın Topqapı Sarayına köçürülməsi
[redaktə | mənbəni redaktə et]Xürrəm Sultan dövlət işləri ilə yaxından maraqlanmaq üçün hərəmxananı köhnə saraydan Topqapı sarayına köçürmüş və bu hadisə Xürrəm Sultanın yenilikçi hərəkətlərindən biri olmuşdur. Köhnə saraydan köçün nə vaxt olduğu tam bilinməsə də, 25 yanvar 1541 tarixində köhnə sarayda baş verən yanğından sonra hərəmxananın Topqapıya köçürülməsi ehtimal olunur.
Şahzadələrin sancaqbəyliklərinə təyini
[redaktə | mənbəni redaktə et]Şahzadələrin sancaqbəyliklərinə təyinində də Xürrəm Sultanın rolu olduğu düşünülür. 1541 tarixində adətən vəliəhdlərin təyin edildiyi Manisa sancaqbəyliyindən şahzadə Mustafa alınaraq Amasiya sancaqbəyliyinə təyin edilmiş, növbəti il bu sancağa Xürrəm Sultanın böyük oğlu şahzadə Mehmed təyin edilmişdir. Ancaq xalq və əsgərlər bu vəziyyətdə narazılığını bildirmiş, bundan sonra I Süleyman şahzadə Mustafanın şərq sərhəddinin qorunması üçün Amasiyaya göndərildiyini və şahzadə Mustafanın hələ də vəliəhd olduğunu açıqlamışdır.[13] Osmanlı adət-ənənələrinə görə sancağa çıxan şahzadə öz anası ilə sarayı tərk etməli idi. Ancaq Xürrəm Sultan bu ənənəyə zidd olaraq şahzadələri ilə getməmiş, ömrünün sonuna qədər Topqapı Sarayında I Süleymanın yanında qalmışdır. Buna baxmayaraq tez-tez şahzadələrini sancaqlarda ziyarət etmişdir.[3]
Rüstəm Paşanın sədrəzəmliyə yüksəlməsi
[redaktə | mənbəni redaktə et]Xürrəm Sultanın yeganə qızı Mehrimah Sultan 1539 tarixində Diyarbəkir hakimi və üçüncü vəzir Rüstəm Paşa ilə evləndirilmişdir. Kürəkən ünvanı il 1544 tarixində sədrəzəmliyə təyin edilmişdir. Bir çox qaynaqlarda qeyd edildiyinə görə Xədim Süleyman Paşanın sədarətdən qovulması və yerinə ikinci vəzir Divanə Hüsrəv Paşanın yox, üçüncü vəzir Rüstəm Paşanın gətirilməsində Mehrimah Sultanın və Xürrəm Sultanın olduğu qeyd olunur.[3]
Piri Rəisin edamı
[redaktə | mənbəni redaktə et]Piri Rəisin edamında Xürrəm Sultanın rolu olduğu tarixi qaynaqlarda əks olunur. Belə ki, Xürrəm Sultanın vaxtilə Krımdan Kamal rəis və Piri rəis tərəfindən gətirilməsi iddia edilir. Piri rəisin dünya xəritəsinin bir parçası da məhz Topqapı Sarayının hərəmxanasından tapılmışdır. Xürrəm Sultan Piri rəisin uğurunu qısqanmış və onun dünya xəritəsini parçalayıb geri qalan hissəsini də Rusiyaya göndərdiyi rəvayət edilir. Xəritənin əskik olan hissəsinin Rusiya çar sarayından tapılması bu iddiaları təsdiqləyir.
Şahzadə Mustafanın boğdurulması
[redaktə | mənbəni redaktə et]Qanunidən sonra vəliəhd şahzadə Mustafanın taxta çıxmasından qorxan Xürrəm Sultan şahzadə Mustafanı atasının gözündən salmaq üçün qızı Mehrimah Sultan və kürəkəni Rüstəm Paşa ilə intriqalar yaratması tarixi qeydlərdə öz əksini tapmışdır. Xürrəm Sultanın əmriylə hərəkət edən Rüstəm Paşa şahzadə Mustafanın möhrünü düzəltdirərək Səfəvi şahı I Təhmasibə məktub yazması və cavab məktubunu da Sultan Süleymana təqdim etməsi şahzadə Mustafanın sonunu gətirmişdir.
Edam olunduğu gün atasıyla görüşmək ümidi ilə çadırına girmiş, ancaq çadırda atasının yerinə 11 cəlladla qarşılaşmışdır.[14] Bu hadisədən sonra şahzadə Cahangir böhran keçirmiş, atası ilə səfərə davam edərək Hələbdə vəfat etmişdir. Və bununla da taxta namizəd olaraq Xürrəm Sultanın iki oğlu – şahzadə Səlim və şahzadə Bəyazid qalmışdır.
Qara Əhməd Paşanın edamı
[redaktə | mənbəni redaktə et]Qara Əhməd Paşa Kürəkən Rüstəm Paşanın sədarətdən alınmasından sonra 1553 tarixində sədrəzəmliyə gətirilmişdir. Səfərdən döndükdən sonra Rüstəm Paşanın yenidən sədrəzəmliyə gətirilməsi üçün Sultana təkid etmiş, divan məclisi sonunda günahkar görülərək edam edilmişdir (1555). Bu hadisənin pərdə arxasında Xürrəm Sultan və qızı Mehrimah Sultan olmuşdur.[14]
Xarici siyasət məsələləri və dövlət işləri
[redaktə | mənbəni redaktə et]Xürrəm Sultan o dövrə qədər görülməmiş şəkildə xarici siyasətlə maraqlanmış, diplomatik yazışmalar aparmışdır. İran səfərlərinə dəstək vermiş, 1548 tarixindəki İkinci İran Səfəri zamanı Lehistan taxtına çıxan yeni krala təbriknamə göndərmişdir.
Osmanlı dövlətində kralla məktublaşan ilk və tək hasəki sultandır. Gəlini Nurbanu Sultan və onun gəlini Safiyə Sultan kraliçalarla yazışmalar aparsa da, Xürrəm Sultandan başqa kralla şəxsən yazışan bir sultan olmamışdır.
Bundan başqa Xürrəm Sultan Osmanlı dövlətinə sığınan Səfəvi şahzadəsi Əlqas Mirzəyə naxışlı dəsmal və dualı köynəklər hədiyyə etmiş, Səfəvi şahının bacısı isə Xürrəm Sultanı fironun qadını Züleyxaya və Həzrəti Məryəmə bənzətmişdir.
Şah ünvanı
[redaktə | mənbəni redaktə et]Xürrəm Sultan Osmanlı tarixində ilk dəfə qanuni xanım sultan olaraq kraliça mənasinda işlənən Şah ünvanını işlətmişdir. Buna sübut isə Qüds şəhərindəki imarətin və İstanbuldakı Hasəki Xəstəxanasının kitabəsində "Devletlu İsmetlu Hurrem Şah Sultan Aliyyetü'ş-şân Hazretleri" ifadəsinin işlənməsidir.
Vəfatı
[redaktə | mənbəni redaktə et]Övladlarını taxt varisi etməyi bacaran Xürrəm Sultan 15 aprel 1558 tarixində İstanbulda vəfat etdi.[15] Böyük cənazə mərasimi ilə Süleymaniyyə Məscidində dəfn edilmişdir. Bir il sonra məzarının üzərində əri I Süleyman tərəfindən türbə tikilmişdir. Bu türbədə Xürrəm Sultanla yanaşı II Səlimin oğlu Şahzadə Mehmed və I Süleymanın bacısı Xədicə Sultanın qızı Xanım Sultan dəfn olunmuşdur. Xürrəm Sultanın vəfatı ilə böhran keçirən Sultan Süleyman indiki İran ərazisindəki bir şəhərə onun adını vermişdir (Xürrəmabad).
Xeyriyyə işləri
[redaktə | mənbəni redaktə et]Xürrəm Sultan İstanbulda hal-hazırda da fəaliyyət göstərən Hasəki səmtində, Memar Sinana Hasəki Külliyəsini inşa etdirmişdir. 1538–1551 illərində inşaatı tamamlanan külliyənin içində bir məscid, mədrəsə, məktəb, imarət, çeşmə və xəstəxana mövcuddur. Bundan başqa İstanbulda Memar Sinanın inşa etdiyi Hasəki hamamı da Xürrəm Sultanın adı ilə bağlıdır. Xürrəm Sultan Ayasofya Məscidi ətrafında yardıma möhtac və yoxsullar üçün pulsuz aşevi açdırmış, Kəbədə, Şamda, Bağdadda, Konyada, Qüdsdə və Ədirnədə Xürrəm Sultan adına müxtəlif əsərlər var.
Qalereya
[redaktə | mənbəni redaktə et]-
Topkapı Sarayı arxivində yerləşən Rossa Solymannı Vxor başlıqlı Xürrəm Sultan portreti.
-
Xürrəm Sultanın 1549-cu ildə Polşa kralı və Litva Büyük Knyazı II Siqizmund Avqusta taxta çıxması münasibətilə göndərdiyi təbrik məktubu
-
Titsian Veçellio, "La Sultana Rossa" adlı tablo
Haqqında yaradılmış əsərlər
[redaktə | mənbəni redaktə et]- "Moskof Cariye Hürrem" — Demet Altınyeleklioğlunun Xürrəm Sultan haqqındakı romanı.
- 63-cü simfoniya (Yozef Haydn).
- Xürrəm Sultan — 2003-cü ildə Türkiyənin Star TV telekanalında yayımlanmış teleserial.
- Möhtəşəm əsr — 2011-ci ildə Türkiyənin Show TV telekanalında yayımlanan və I Süleymanın hakimiyyətindən bəhs edən teleserial.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ 1 2 Smith B. G. The Oxford Encyclopedia of Women in World History: 4 Volume Set (ing.). OUP, 2008. Vol. 4. P. 517. ISBN 978-0195148909
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #119171538 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 Özakbaş, Ayşə. "Hürrem Sultan" Arxivləşdirilib 2015-12-27 at the Wayback Machine.
- ↑ 1 2 3 4 Peirce, Leslie P. (1993). The Imperial Harem: Women and Sovereignty in the Ottoman Empire Arxivləşdirilib 2014-07-16 at the Wayback Machine. Oxford University Press. s. sf. 60. ISBN 0195086775.
- ↑ Bölgə 1184–1722 illərində Lehistan Krallığının sərhədləri daxilində yerləşirdi. Rohatyn, Ukraynanın mərkəzi Lvov'un 68 km cənubunda.
- ↑ Brooks, Andrée Aelion (2002). The woman who defied kings. Paragon House: Michigan Universty.
- ↑ Ancaq Leslie P. Peirce’yə görə Mahidövran Sultan saraydan sürgün edilməmişdir, adətlərə uyğun olaraq oğlunun sancağına getmək üzrə saraydan ayrılmışdır.
- ↑ "Arxivlənmiş surət". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-12-21.
- ↑ Bəzi tarixçilərə görə, Xürrəm Sultan, öncə azad edilmiş, daha sonra nikah qıyılmışdır
- ↑ Afyoncu, Erhan (2012). Anonim Rapor. ISBN : 9786054052967.
- ↑ 1 2 3 Sakaoğlu, Necdet; sf. 18
- ↑ Uzunçarşılı, İsmail Hakkı; sf. 408
- ↑ Afyoncu, Erhan (Aprel 2012). "Şahzadə Mustafa". Atlas Tarih.
- ↑ 1 2 Öztuna, Yılmaz (1978). Şehzade Mustafa. İstanbul: Ötüken Yayınevi. ISBN 9754371415.
- ↑ Öztuna, Yılmaz (1979). İstanbul: Ötüken Neşriyat.