Kirlian effekti
Kirlian effekti — dəyişən yüksək tezlikli (10 - 100 kHz) elektrik sahəsinə yerləşdirilmiş canlı və ya cansız obyektlərin səthində elektrik boşalması nəticəsində müşahidə olunan 5-30 kV-luq şüalanma. Metod, bu effekti tədqiq etmiş rus mühəndisi Semyon Davidoviç Kirlianın (1898-1978) şərəfinə adlandırılmışdır. Lakin bənzər təcrübələr XIX əsrin sonlarında Y.O.Narkeviç-Yodko və Nikola Tesla tərəfindən də aparılmışdır.
Həyat enerjisi
[redaktə | mənbəni redaktə et]Canlı orqanizmlər üçün şüalanmanın intensivliyi və quruluşu orqanizmin elektrik keçiriciliyindən, psixo-emosional vəziyyətindən, ürək-damar sisteminin fəaliyyətindən asılıdır. Bu xüsusiyyət Kirlian tərəfindən canlı və ya cansız bütün hər şeyin "həyat enerjisi"nə, "aura"ya sahib olmasının bir sübutu kimi irəli sürülürdü. Bu iddianı təsdiq edən fakt kimi bitki yarpağının bir hissəsi kəsilsə də, kirlian fotoşəkillərində yarpağın sanki kəsilməmiş kimi, bütöv halda şüalanmasını davam etdirməsi göstərilirdi. Bu da S.Kirlianın fikrincə, "şüalanmaların obyektlərin məlum olan fiziki xüsusiyyətlərindən irəli gəlmədiyini isbat edən bir dəlil kimi qəbul edilməlidir".
Lakin fotoqrafiyanın nəticələri dəyişkəndir və təkrarlanan eksperimentin tezliyi artırıldıqda şüalanma daha tutqun, parlaq və intensiv olur ki, bu da alınan fotoşəkillərin tam aydın anlaşılmasına imkan vermir.
Kəşfin tarixi
[redaktə | mənbəni redaktə et]Kəşf Semyon Kirlian tərəfindən 1939-cu ildə edilsə də, onu təsdiq edən müəlliflik şəhadətnaməsini 1949-cu ildə almışdır. Bu kəşf əvvəllər "elektroqrafiya", "elektrofotoqrafiya" adlarıyla məlum olan texnikanın yenidən tanınmasını təmin etdi. Bu ideyanın əsasını 1777-ci ildə quru fotoşəkil surətçıxarmasını mümkün edən Corc Kristof Lixtenberq qoymuşdur. Aralarında Nikola Teslanın da olduğu elm adamları XIX-XX əsrlərdə bu təsiri daha dərindən araşdırmışlar. Amma Kirlian bu araşdırmanı sələflərindən daha irəliyə aparmışdır. O dövrdəki elm adamlarından bəziləri kirlian fotoqrafiya texnikasında meydana çıxan enerjiyə "kirlian enerjisi", bəzi rus və çexoslovak elm adamları isə "bioenerji" adını vermişlər. Lakin 1940-50-ci illərdə Sovet İttifaqında aura ilə əlaqədar məlumatların kafi olmaması səbəbindən kirlian cihazı yalnız 1960-cı illərdə, yenə Sovet elm adamlarının sayəsində populyarlaşmışdır. Kirlian effekti Qazaxıstan Dövlət Universiteti tərəfindən 1968-ci ildə nəşr olunmuş "Kirlian effektinin bioloji mahiyyəti" adlı elmi əsərlə elm dünyasına təqdim edilmişdir. Bu işlərin Qərbə tanıdılması isə Şeyla Ostrander və Linn Şröder adlı tədqiqatçıların 1978-ci ildə dərc etdirdikləri kitabla reallaşmışdır.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Кирлиан В. X. Кирлиан С. Д. В мире чудесных разрядов. М., 1964 (Rusca)
- "Кирлиановские чтения „Кирлиан-2000". Сборник докладов и статей" Краснодар, 1998 (Rusca)