AMEA daha bir nüfuzlu beynəlxalq elmi quruma – Akademiyalararası Tərəfdaşlıq Assosiasiyasına (IAP) üzv seçilib. Bu münasibətlə təşkilatın rəhbərliyi adından AMEA-ya təbrik məktubu göndərilib.
Məktubda deyilir:
“Akademiyalararası Tərəfdaşlıq Assosiasiyası (IAP) adından məmnuniyyətlə bildiririk ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) IAP İdarə Heyəti tərəfindən İAP üzvlüyünə qəbul edilib.
Tam üzvlük sertifikatı 2025-ci ildə keçiriləcək növbəti IAP Baş Assambleyası tərəfindən təqdim olunacaqdır. Bu müddət ərzində siz səsvermə istisna olmaqla, IAP-nin bütün fəaliyyətinə qoşula bilərsiniz və IAP-nin saytında Akademiyanızın öz profil səhifəsi olacaq. Xahiş edirik aşağıda müvafiq bölməyə keçidlə tanış olun: www.interacademies.org/network/member-academies
Zəhmət olmasa, IAP-nin internet saytında yerləşdirmək və qeydlərimizə daxil etmək üçün IAP Katibliyinə ([email protected]) aşağıdakı məlumatları təqdim edin:
- Akademiyanın loqosu (yüksək keyfiyyətli);
- Akademiya haqqında məlumat;
- Hazırkı prezidentin adı və şəkli (yüksək keyfiyyətli);
- Akademiyada əlaqələndirici şəxslərin adları və email ünvanları.
Hər hansı bir sualınız olarsa, zəhmət olmasa bizimlə əlaqə saxlayın.
IAP-nin işinə qoşulduğunuza görə, Akademiyanızı təbrik edirik. Sizinlə işləməyi səbirsizliklə gözləyirik. Uğurlar arzulayırıq.
Hörmətlə,
Ourania Kosti
İcraçı Direktor
Akademiyalarası Tərəfdaşlıq Assosiasiyası”.
Qeyd edək ki, dünyanın 5 qitəsinin əksər akademiyalarını özündə birləşdirən Elmlər Akademiyalararası Tərəfdaşlıq Assosiasiyasının (IAP) mərkəzi ofisi İtaliyanın Triest şəhərində və ABŞ-ın Vaşinqton şəhərlərində yerləşir.
Məlumat üçün bildiririk ki, AMEA 2023-2024-cü illərdə Beynəlxalq Elmi Şura, Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyası və Avrasiya Universitetlər Birliyi kimi akademik qurumların da üzvü seçilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.