Doğru Yol Partiyası (Azərbaycan)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bu məqalə Azərbaycanda fəaliyyət göstərmiş siyasi partiya haqqındadır. Eyni adlı digər siyasi partiyalar üçün üçün Doğru Yol Partiyası səhifəsinə baxın.
Doğru Yol Partiyası
Sədri Tamerlan Qarayev
Sədr müavinləri Rasim Musabəyov
Quruluş tarixi 30 yanvar 1993
Dağılma tarixi 18 noyabr 1995
Birləşən Müsavat Partiyası (1995)
Sələfi Azərbaycan Xalq Cəbhəsi
Baş qərargah

Doğru Yol Partiyası — Azərbaycanda 30 yanvar 1993-cü ildə Tamerlan Qarayevin rəhbərliyində təsis edilmiş, 1995-ci ildə Müsavat Partiyasına birləşmiş siyasi partiya.

1990-cı ildə Azərbaycan SSR Ali Sovetinə seçkilər keçirilmiş, ilk dəfə bu seçkilərdə Azərbaycan Kommunist Partiyası xaricində siyasi qüvvələr yarışmışdır. Seçki nəticəsində 45 nəfər müxalif Azərbaycan Xalq Cəbhəsi üzvü parlamentin deputatı seçilmişdir. Parlamentdə "Müstəqil Azərbaycan" Demokratik Blokunu təsis edən müxalif qrup parlament sədarətinə namizəd olaraq 133 nömrəli Ağdam ikinci şəhər seçki dairəsindən deputat seçilmiş Tamerlan Qarayevi sədr müavinliyinə namizəd göstərmişdir. 7 fevral 1991-ci ildə Tamerlan Qarayev Ali Sovetin sədr müavini seçilmişdir.[1] Tamerlan Qarayev, həmçinin, 26 noyabr 1991-ci ildə təsis edilmiş Azərbaycan Ali Sovetinin Milli Şurasına "Müstəqil Azərbaycan" Demokratik Blokunun üzvü olaraq seçilmişdir.[2]

15 may dövlət çevrilişinin ardından hakimiyyəti tam ələ alan Azərbaycan Xalq Cəbhəsi Ali Sovetin Rəyasət Heyətində dəyişikliklərə getmiş, Tamerlan Qarayev 18 may 1992-ci ildə Ali Sovetin sədrinin müavini vəzifəsindən azad edilərək sədrin birinci müavini seçilmişdir.[3][4] Çevrilişdən sonra yeni rəhbərlik prezident seçkiləri keçirmək qərarı almışdır. Bu dövrdə Tamerlan Qarayev Azərbaycan Xalq Cəbhəsindən istefa verərək öz müşaviri və bacanağı Rasim Musabəyov ilə birgə iqtidaryönlü Doğru Yol Partiyasını təsis etmişdir.[5] Doğru Yol Partiyasının Təsis Konfransı 30 yanvar 1993-cü ildə keçirilmişdir. Konfransda Tamerlan Qarayev sədr, Rasim Musabəyov sədr müavini, Siyasi Şura üzvü, Akif Nağı isə partiyanın katibi seçilmişdir.[6][7]Bu adın Türkiyədə Süleyman Dəmirəlin sədrlik etdiyi Doğru Yol Partiyasından qaynaqlandığı iddia edilmişdir.

4 iyun Gəncə qiyamından sonra hakimiyyəti ələ alan Heydər Əliyev 3 sentyabr 1993-cü ildə Ali Sovetin sədrinin birinci müavini Tamerlan Qarayevi Azərbaycan Respublikasının Çin Xalq Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsinə təyin etmişdir.[8] Bununla o, sədr vəzifəsindən və partiya üzvlüyündən istefa vermişdir. Bu hadisədən sonra Rasim Musabəyov 1994-cü ildən etibarən Doğru Yol Partiyası sədrinin vəzifələrinin icraçısı vəzifəsini icra etməyə başlamışdır.[5][7]

Lakin partiyanın təsisçisinin partiya fəaliyyətində iştirak edə bilməməsi, partiyanın təsirliliyinın azlıq təşkil etməsi kimi səbəblər partiyanın ləğv edilməsi məsələsini gündəmə gətirmişdir. Partiya rəhbərliyinin aldığı qərara əsasən Doğru Yol Partiyası 18 noyabr 1995-ci ildə keçirilmiş Müsavat Partiyası IV Qurultayında Müsavat Partiyasına birləşmişdir.[6]

Jurnalist Eynulla Fətullayev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sabiq rəhbəri Əli Həsənovun bir dövr Doğru Yol Partiyası üzvü olduğunu iddia etmişdir.[9]

  1. "Azərbaycan Respublikası Ali Soveti sədrinin müavininin seçilməsi haqqında". 2021-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-14.
  2. "Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının təşkil edilməsi haqqında". 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-14.
  3. "T. Y. Qarayevin Azərbaycan Respublikası Ali Soveti sədrinin birinci müavini seçilməsi haqqında". 2021-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-14.
  4. "T. Y. Qarayevin Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini vəzifəsindən azad edilməsi haqqında". 2021-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-14.
  5. 1 2 "Son 30 ilin iki müxalifyönlü vitse-spikeri-TAMERLAN QARAYEV VƏ FƏZAİL İBRAHİMLİ…". 2020-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-14.
  6. 1 2 ""Doğru Yol" Partiyası artıq Müsavata birləşib" - AÇIQLAMA". 2022-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-14.
  7. 1 2 Азәрбајҹанда ким кимдир? (Сорғу-мәлумат китабы). Тәртибчи-мүәллифләр: Тејмур Әһмәдов, Тарыјел Ҹаһанҝир. Бакы: "Азәрбајҹан Енсиклопедијасы" НПБ. 1999. С. 346. ISBN 5-89600-253-x.
  8. "Azərbaycan Respublikasının Çin Xalq Respublikasında səfirinin təyin edilməsi və səfirliyin fəaliyyətinin təşkili haqqında". 2018-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-14.
  9. ""Əli Həsənov və Ramiz Mehdiyev YAP-ın yaradılmasında iştirak etməyib" - Eynulla Fətullayev - FOTO". 2022-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-14.