Septuaginta

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Septuaginta (latın dilində septuaginta – yetmişlərin tərcüməsi; qısaca LXX kimi göstərilir) — B.e.ə. III–II əsrlərdə həyata keçirilmiş Tanaxın (Əhdi-Ətiqin) yunan dilinə ilk tərcüməsi.

Septuagintanın yaranması

[redaktə | vikimətni redaktə et]

Xristianlıq


Xristianlıq

Septuagintaya dair məlumatın ən qədim mənbəyi Aristeasın Məktubudur. Orada bu tərcümənin yaranması haqqında bir əfsanə nağıl edilir. Məktubun müəllifinin məlumatna görə, bu tərcümə II Ptolemey Filadelfin (b.e.ə. 285–247) əmri ilə yaradılıb. II Ptolemey istəyib ki, İsgəndəriyyə kitabxanasında yəhudi Qanununun (Tövratın) yunan dilinə tərcüməsi olsun. Bu məqsədlə o, Qüdsdən 72 alimin İsgəndəriyyəyə gətirilməyini təşkil edib. Yəhudi alimlər Faros adasındakı bir evdə yerləşib və 72 gündən sonra işi başa çatdırıblar.

Əvvəllər yunan dilli yəhudi diasporu Septuagintaya böyük hörmətlə yanaşırdı. Filon "Musanın həyatı" əsərində (11,41–42) Faros adasında yetmişlərin bu tərcüməsini qeyd etmək üçün hər il bayram keçirildiyini nəql edib. Lakin eramızın I əsrində yəhudilər Septuagintanın bir çox yerlərinin Tanaxın ibrani mətninə uyğun gəlmədiyinə görə, bu tərcüməyə şübhə ilə yanaşmağa başlayıblar. Bu uyğunsuzluqlar əsrlər boyunca xristianlar arasında mübahisələrə səbəb olurdu. Hətta yəhudi ilahiyyatçılarının öz mətnlərini qəsdən təhrif etdikləri fərz olunurdu. Lakin XX əsrdə Qumranda edilən kəşflər nəticəsində məlum olub ki, Septuaginta yarandığı zaman ibrani mətnin müxtəlif versiyaları var idi və Septuaginta əlyazma ənənələrindən birinə əsaslanır.

Septuagintanın əlyazmaları

[redaktə | vikimətni redaktə et]

Ən qədim əlyazmalar tərcümənin yazıldığı dövrə – b.e.ə. III–II əsrlərə aid olan papiruslardır. Bunlarda Allahın adı Yahve yunan dilində deyil, qədim ibrani hərflərlə (יהוה) yazılmışdır. Daha sonrakı əlyazmalarda bu ad çox vaxt "Κύριος" (Rəbb) şəklində verilir.

Septuagintanın xüsusiyyətləri

[redaktə | vikimətni redaktə et]

Septuagintaya bütün yəhudi Müqəddəs Yazıları daxildir. Bəzi yazıların adları və təşkili yəhudilərinkindən fərqlənir; Ester, Yeremya və Daniel kitablarına daha çox fəsillər əlavə olunub. Septuagintaya həmçinin bir sıra apokrifik əsərlər daxil edilib – bunlar katolik kilsəsi tərəfindən kanonik kimi qəbul edilir.

Bu tərcüməni yaradan alimlər ibrani mətnində olan bəzi "boşluqları" dolduraraq nəzərdə tutulan məlumatı açıqlayıblar. Məsələn, Yaradılış 4:8 ibrani mətnində belədir: "Və Qabil qardaşı Habilə dedi (danışdı). Və onlar çöldə ikən Qabil qardaşı Habilə qarşı qalxdı və onu öldürdü". Septuagintada isə bu ayə belə tərcümə olunub: "Və Qabil qardaşı Habilə dedi: Çölə gedək. Və onlar çöldə ikən…" Septuaginta çox vaxt orijinal ibrani mətnin mənasını daha dəqiq ifadə edir.

Ayrı-ayrı kitabların tərcüməsi həmçinin üslub müxtəlifliyi ilə seçilir. Tövrat daha formal və sözbəsöz surətdə, Əyyub və Süleymanın Məsəlləri isə sərbəst tərcümə olunub. Ümumiyyətlə, Septuaginta bədii baxımdan olduqca zəngin bir tərcümədir. Məşhur rus filologu S. S. Averinsev qeyd edirdi ki, "Septuagintanın yaradıcıları yunan və semit dil quruluşlarını üzvi surətdə birləşdirməyi bacarmışlar; onların üslubu danışıq ifadələrinə yaxın olmaqla birlikdə, sakral ruh yüksəkliyini və "kənar edilmişliyini" qoruyub-saxlayır".[1]

Septuagintanın əhəmiyyəti

[redaktə | vikimətni redaktə et]

Septuagintanın mətn tənqidi üçün əhəmiyyəti ilk növbədə bundan ibarətdir ki, bu tərcüməni yaradan alimlər b.e.ə. III əsrdən əvvəlki dövrə aid olan çox qədim ibrani mətnlərdən istifadə ediblər. Sözügedən qədim ibrani əlyazmalar bu günə qədər qorunub saxlanmayıb. Onların üzünü köçürənlərin təsadüfi cüzi səhvlərin düzəldilməsində Septuagintanın müstəsna rolu vardır. Bu tərcümənin tənqid üçün əhəmiyyəti, xristianlıqdan əvvəl çox qədim dövrə aid olmasındadır.[2]

Septuagintanı öyrənən müasir tədqiqatçılardan bəziləri onu qədim dünyanın ən birinci bədii tərcüməsi hesab edirlər. Bu tərcümədə ilk dəfə orijinal mətnin sözbəsöz tərcüməsi ilə yanaşı mənaya əsaslanan (idiomatik) tərcümənin elementləri mövcuddur. Septuagintada bu gün ədəbi tərcümədə normativ olaraq qəbul edilən bəzi üsulları görmək olar.[3]

Septuagintanın xristian kilsəsində xüsusi rolu olub. Həvarilər, Əhdi-Cədidin müəllifləri, kilsə ataları, bir qayda olaraq, Əhdi-Ətiqin bu tərcüməsindən istifadə ediblər. Kiril və Mefodiy qardaşlar Bibliyanı kilsə-slavyan dilinə tərcümə edərkən Septuaginta mətnindən istifadə etmişlər.

  1. C. С. Аверинцев. Истоки и развитие раннехристианской литературы https://www.philology.ru/literature3/averintsev-83.htm Arxivləşdirilib 2022-03-29 at the Wayback Machine
  2. Мышцын В. Н., Нужен ли нам греч. пер. Библии при существовании евр. подлинника? Серг. Пос., 1895
  3. Десницкий А. Септуагинта как художественный перевод // Библия. Литературоведческие и лингвистические исследования. Вып. 3. М., 1999. С. 157–158