Sen no Rikyu
Sen no Rikyu | |
---|---|
yap. 千利休 | |
Doğum tarixi | 1522 |
Doğum yeri |
|
Vəfat tarixi | 21 aprel 1591[1] |
Vəfat yeri | |
Vəfat səbəbi | Harakiri |
Fəaliyyəti | bhikşu, çay ustası[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Sen no Rikyu (千利休?, 1522, Sakay[d], Osaka prefekturası – 21 aprel 1591[1], Kioto) və ya sadəcə Rikyu – yapon çay mərasiminin ustası. Çay mərasimi üzrə Sen məktəbinin qurucusudur.[2]
Həyatı
[redaktə | vikimətni redaktə et]Rikyu 1522-ci ildə Yaponiyanın Sakay şəhərində doğulmuşdur.[2] Onun babası Tanaka Senami şoqun Aşikaqa Yoşimasanın doboşularından – çay mərasimi xidmətçilərindən biri olmuşdur.[2] Atası Yohey İzumi əyalətinə köçmüş və atasının adındakı "Sen" hissəciyini soyad kimi qəbul etmişdir.[2] Ailə balıq satışı ilə məşğul olmağa başlamışdır.[2]
Rikyu Naomi məktəbinin üzvü olan Kitamuki Doçindən, daha sonra isə Murata Şukonun məktəbinin üzvü olan Takeno Coodan yapon çay mərasiminin incəliklərini öyrənmişdir.[2] Kiotoda yerləşən Daytoku məbədində isə Şorey Şukindən Zen dərsləri almışdır.[2] 1570–1573-cü illərdə İmay Sokyu və Tsuda Soqyu ilə birlikdə Oda Nobunaqanın sadosu – çay mərasimi təşkilatçısı olmuşdur.[2] Eyni vəzifəni Toyotomi Hideyoşi üçün də yerinə yetirmiş və ondan mülklər almışdır.[2] O, 1585-ci ildə Hideyoşi tərəfindən İmperator Oqimaçinə həsr olunmuş çay mərasimini təşkil etmiş, 1587-ci ildə isə Hideyoşinin Kitano məbədində açıq havada keçirilən çay mərasimini idarə etmişdir.[2]
Ölümü
[redaktə | vikimətni redaktə et]1591-ci ildə Rikyu Hideyoşi ilə münaqişə yaşamış və intihar etməyə məcbur olmuşdur.[2] Münaqişənin səbəbi bilinməsə də, bir neçə variant ortaya atılmışdır: özünün heykəlini Kimmokakuda yerləşdirməsi; qızını Hideyoşiyə verməməsi; çay ləvazimatları üçün böyük məbləğlər istəməsi.[2] O, 21 aprel 1591-ci ildə ölmüşdür.[2]
Töhfələri
[redaktə | vikimətni redaktə et]Sen no Rikyu yapon çay mərasiminə bir neçə yenilik gətirmişdir.[2] Bambukdan hazırlanan çiçəkliklər, Raku keramikasından hazırlanan qara çay boşqabları və Amida no kama adlı dəmir çaydan onun çay mərasiminə gətirdiyi bir sıra yeniliklər idi.[2] O, ələ yaxın olan sadə əşyalardan istifadə etməyə üstünlük vermiş və çay mərasiminin gündəlik aspektini vurğulamaq istəmişdir.[2]
Rikyu şeirlərinin birində "çay mərasiminin su qaynatmaq, çay dəmləmək və onu içməkdən başqa bir şey olmadığını" qeyd etmişdir.[2] O, çay evinin – çaşitsunun ölçüsünün kiçildilməsindən məsul şəxs olmuşdur.[2] O, ölçünü iki tatamiyə, hətta bir yarım tatamiyə endirmiş, yoriay idealını tətbiq etmək istəmişdir.[2]
İstinadlar
[redaktə | vikimətni redaktə et]Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild (Sake–Temm). Tokio: Kodansha. 1983. səh. 67. ISBN 0-87011-627-4. İstifadə tarixi: 16 yanvar 2023.