Məsih
Məsih — Bəzi dini qruplar tərəfindən gözlənilən xilaskar.
Xristianlığa görə
[redaktə | vikimətni redaktə et]Bəlkə də, dünyada ən çox kimliyi mübahisə doğuran tək Şəxs İsa Məsihdir, amma xristianlar üçün Onun tam Şəxsiyyəti müqəddəs İncildə ətraflı şəkildə açıqlanır. Onun kimliyi haqqında şübhəyə düşənlər Həqiqi İlahi Qaynağa — İncilə iman etməyənlərdir.
İsa, Məsihdir
[redaktə | vikimətni redaktə et]İsa, gələcəyi əsrlər öncədən peyğəmbərlər tərəfindən bildirilən, Allahın vədinə əsasən dünyaya gələn, məzlumları yüksəldən, hökmdarları taxtlarından endirən, sevgi və mərhəmət Abidəsi, Məsih, Xilaskar və Allahın Oğludur.
Hələ ilk insanlar olan Adəmlə Həvvaya cənnət bağçasında Onun gələcəyini öncədən bildirən Allah, bəşər tarixi boyunca bir-birinin ardınca göndərilən peyğəmbərlər vasitəsilə Onu müjdələmişdir. Müqəddəs İncildə İsanın yer üzünə gəlməsi və bunun səbəbləri təfsilatı ilə qeyd edilir. Aşağıdakı bu ayə Onun Kimliyini açıq şəkildə ifadə edən ayələrdən biridir: "Əzəldən Kəlam mövcuddur. Kəlam Allahda idi və Kəlam Özü Allah idi. O, əzəldən Allahda idi. Yaradılan hər şey Onunla yarandı, heç bir şey Onsuz yaranmadı. Həyat Onda idi… Kəlam, bəşər olub (bədənə bürünüb) lütf və həqiqiətlə dolu olaraq dünyamızda məskən saldı. Biz də Onun izzətini — Atadan gələn Vahid Oğulun izzətini gördük"[1]. Bəli, Əzəliyyətdə Allahın Özündə var Olan Kəlam İsa, Xilas missiyasını həyata keçirmək, bizim Allahın hüzuruna üzüağ çıxmağımızı təmin etmək və hər şeydə bizə nümunə göstərmək işini icra etmək üçün, Öz ululuğunu "soyunaraq" bu məhdud dünyamıza daxil oldu, yəni bir İnsan bədənində dünyaya gəldi. Dünya Onu bir İnsan olaraq gördü, Ona toxundu və Ondan ilahi kəlamlar eşitdi, amma Onun Öz Varlığı sadəcə bir İnsan deyil, "İnsan bədənində Özünü göstərən Allahın Kəlamı (Sözü)" idi. Müqəddəs İncil, İsanın, Bədənə bürünən əzəli Kəlam olduğunu ifadə etmək üçün "Allahın Oğlu" ifadəsindən istifadə edir. Bir çoxlarının ilk ağlına gələn cinsi, bioloji və bəşəri "Ata-Oğul"un əksinə, İncil bu termini, məcazi mənada, Onun "Allahın Öz Varlığından çıxıb gələn Onun əzəli Kəlamı" olduğunu ifadə etmək üçün işlədir.
İsa, ikili təbiətə malikdir: İlahi və Bəşəri. Əzəliyyətdə Allahın Öz Varlığında Mövcud Olan, Onun Kəlamı (Kəlamullah) olması səbəbilə İlahi, yerinə yetirəcəyi missiya üçün (Xilas Missiyası) bədəndə dünyamıza gəldiyinə görə də İnsandır. Hər iki Təbiət — Allahlıq və Kamil İnsanlıq — Vahid Şəxsdə — İsada özünü göstərir.
Bu mövzu o qədər ilahi, əngin, o qədər mürəkkəbdir ki, əsrlərdir bu haqda kitablar yazılmaqda, fikirlər söylənməkdə davam edir. "İsa" adı Ona təsadüfi olaraq qoyulmayıb. Onun müqəddəs adı, Onun işini, Kimliyini və Missiyasını özündə cəmləşdirir. Bu ad, Onu mübarək bətnində daşıyacaq olan pak və ləkəsiz qız Məryəmə mələk Cəbrayıl vasitəsilə Allah tərəfindən verilmişdir: "mələk Cəbrayıl Allah tərəfindən Qalileyadakı Nazaret adlanan şəhərə, Davudun nəslindən olan Yusif adlı bir kişiyə nişanlanan bakirə qızın yanına göndərildi. Həmin qızın adı Məryəm idi. Mələk onun yanına gəlib dedi: "Salam, ey lütfə nail olmuş qız! Rəbb səninlədir". Məryəm bu sözlərdən tam lərzəyə gəldi və ürəyində bu salamın nə demək olduğu barədə düşünməyə başladı. Mələk ona dedi: "Qorxma, Məryəm, çünki sən Allahın lütfünə nail oldun. Sən hamilə olub bir Oğul doğacaqsan. Onun adını İsa qoy. O, böyük olacaq və Haqq-Taalanın Oğlu adlanacaq"[2]. İncilin bir başqa bölümündə də "Məryəm bir Oğul doğacaq və Onun adını İsa qoy, çünki O Öz xalqını günahlarından xilas edəcəkə deyilir"[3]. Nə qədər də heyrətamizdir: İsa adının mənası ibrani dilində "Yehoşuah" — "Xilas edən Rəbb" və ya "Rəbb Xilaskardır" deməkdir.
İsanın dünyaya təsiri
[redaktə | vikimətni redaktə et]İsanın dünyamıza gəlməsi, bəşər tarixini iki hissəyə böldü: Miladdan Öncə və Miladdan Sonra. "Milad" sözü İsanın doğulmasını ifadə edir.
Məsih İsa 33 il dünyamızda yaşadı. İlahi Təlim verdi, saysız möcüzələr göstərdi, əzilənlərə, fəqirlərə, məzlumlara həmdəm oldu. Bütün bəşəriyyətə Həqiqi Həyat Yolunu — Xilası — Allah Yolunu öyrətdi. Və Onun dünyamızdakı qısa ömrü (insani olaraq) çarmıxa çəkilərək ölməklə bitdi, lakin ölüm, Həyat Banisini tuta bilmədi: üç gün sonra İsa dirildi və şagirdlərinin gözləri qarşısında Səmaya — əzəldən bəri var olduğu yerə — Allahın Özünə qayıtdı.
Hər bir imanlı xristian İsaya ümid edir, Ondan mədət umur, Onu izzətləndirir, ucaldır və Ona həmd nəğmələri oxuyur.
İsa vasitəçidir
[redaktə | vikimətni redaktə et]İsa cavab verdi: «Yol, həqiqət və həyat mənəm. Mənim vasitəçiliyim olmadan heç kəs Atanın yanına gələ bilməz. Məni tanıyırsınızsa, Atamı da tanıyırsınız. Bu andan etibarən, siz Onu tanıyırsınız, siz Onu gördünüz».[4] |
Yaşadığımız cəmiyyətdə dini baxımdan "vasitəçi" sözü bu şəkildə anlaşılır: "bir insan Allahla insanların arasında vasitəçilik edir, insanlar ona dua edirlər, o da Allaha duaları çatdırır". Və tez -tez İsa Məsihin Vasitəçi olmasını da bu şəkildə şərh edirlər: "siz xristianlar İsanı insanlarla Allahın arasında vasitəçi etmisiniz, onu ilahlaşdırmış və o olmasa Allaha dua edə bilməyəcəyinizi, Allahın sizi eşitməyəcəyini düşünürsünüz". Doğurdanmı belədir? Doğurdanmı biz İsanı Allahla öz aramızda bizim üçün dua etdiyinə, bizim üçün Allahdan nə isə dilədiyinə və ya Onun adının Allah tərəfindən eşidilməyimiz üçün formul olduğuna inanırıq?
Biz İsadan bizim üçün Allaha dua etməsini və ya Allahdan bizim üçün kömək diləməsini istəmirik, əksinə İsa Özü Allahın Kəlamıdır — Allahdır! Biz Ona dua edirik. Çünki O, Ata və Müqəddəs Ruhla birlikdə əzəli və əbədi izzət içində Olandır!
Bəz İsanın Vəsatətçiliyi nədir? O, bizim üçün necə vəsatətçilik edir? İncil bu haqda deyir: "Bir Allah və Allahla insanlar arasında bir Vasitəçi vardır. O, İnsan olan Məsih İsadır" (1. Tim 2:5).
İsanın Vəsatətçiliyi Onun Çarmıxının — Xilas işinin daima aktual qalmasıdır! İncil qeyd edir ki, İsa daima Allahın məbədində bizim üçün kahinlik edir. İsanın Kahinliyi Onun çarmıxının — xilas işinin daima Allahın nəzərində keçərli olmasıdır. Hər dəfə insan Ona iman edəndə, Onun qanına imanla Allaha yaxınlaşanda İsa Vasitəçilik etmiş olur. Çünki, O, belə dedi: "Yol, Həqiqət və Həyat Mənəm. Mənim VASİTƏÇİLİYİM olmadan heç kim Atanın yanına gələ bilməz"! Bu vasitəçilik Onun bizim üçün dua etməsi, Allahdan nəsə diləməsi və s. DEYİL! Təəssüflər olsun ki, qeyri-xristianlar bu şəkildə anlayırlar! Ona görə də xristianları "Allaha ortaq qoşmaqla və ya Allahla aramıza başqalarını daxil etməklə" suçlayırlar. Əslində isə İsanın Vasitəçiliyi, Onun bizim günahlarımız üçün, bizi Allahın gözündə təmizləmək naminə Özünü Qurban verməsi, Qanını tökməsi və bu qanın bizi yuyub təmizləməsi nəzərdə tutulur. Beləcə, İsanın xilas işi Allahın nəzdində daima aktual qalaraq imanla Ona yaxınlaşan insan üçün VASİTƏÇİ olur! Budur İsanın Vasitəçi olması!
Biz dualarımızı da Müqəddəs Ruhda, Oğul (İsa) VASİTƏSİLƏ Atamıza edirik! Bu o demək deyil ki, Allah bizi birbaşa eşitmir, yox, biz duamızda məhz bizi Öz qanı ilə satın alan, Allahın Səltənətinin övladları olmaq haqqını bizə Verən VƏSATƏTÇİMİZ (Onun qanı ilə xilas oluruq) vasitəsilə Allahımıza "Ata" deyə bildiyimizi ifadə edirik. Çünki İsa dedi: "Mənsiz heç nə edə bilməzsiniz"[5]. Allaha "Ata" deyiriksə deməli Onun xalqıyıq və biz məhz İsanın qanının bizi təmizləməsi ilə (Vəsatətçilik) Onun övladları olduq. Hər kəs Allahın yaratdığıdır, amma hər kəs Allahın övladı deyil. Allahın övladı adını almaq haqqını məhz çarmıxdakı qanı ilə insana verən (Vasitəçilik) İsadır![6]
İsa Məsih yenidən yer üzünə qayıdacaq
[redaktə | vikimətni redaktə et]Məsih İsanın açıq bildirişlərinə görə "Dünyanın Sonunda" O, yer üzünə təkrar qayıdacaq. Rəbb, ikinci gəlişinin məqsədini və nəticəsini müqəddəs İncildə bu şəkildə açıqlayır:
"o günlərin əzab-əziyyətindən dərhal sonra Günəş tutulacaq, Ay nurunu saçmayacaq, Ulduzlar göydən töküləcək, Səma cisimləri lərzəyə gələcək. O zaman Bəşər Oğlunun (İsanın) əlaməti göydə görünəcək. O vaxt yer üzünün bütün tayfaları şivən qoparacaq və Bəşər Oğlunun göyün buludları üzərində qüdrət və böyük izzətlə gəldiyini görəcək. O, mələklərini uca şeypur səsi ilə göndərəcək. Mələklər də göylərin bir ucundan o biri ucuna qədər dörd külək istiqamətindən Onun seçdiklərini (imanlıları) toplayacaq"[7].
"Bəşər Oğlu bütün mələklərlə birlikdə izzəti ilə gələn zaman Öz izzətli taxtına oturacaq. Bütün millətlər Onun önündə toplaşacaq, O da qoyunları keçilərdən ayıran bir çoban kimi onları bir-birindən ayıracaq.. yaxşılıq edənlər mükafatlanacaq, pislik edənlər isə çölə (cəhənnəmə) atılacaq, orada ağlaşma və diş qıcırtısı olacaq"[8].
Məsihin ikinci gəlişi ilə Dünya yenilənəcək:
"Amma biz Allahın vədinə əsasən salehliyin sakin olacağı yeni göyləri və yeni yeri gözləyirik"[9].
Həvariləri İsadan Onun gəlişinin zamanını soruşduqda isə Rəbb belə cavab verir: "Atanın hökmü ilə təyin olunan vaxtları və tarixləri bilmək sizin işiniz deyil… Daima oyaq qalın, çünki Rəbbin nə vaxt gələcəyini bilmirsiniz. Ağası gələndə onu iş başında gördüyü qul nə bəxtiyardır"[10].
Ən əsası da budur ki, Məsih İsa Onun adı ilə "Mən Məsihəm" deyərək gələcək olan "Saxta Məsih"lərdən özümüzü qorumağı tapşırıb: "O zaman əgər kimsə sizə desə ki, "bax, Məsih buradadır" yaxud da "bax, oradadır", inanmayın. Çünki yalançı məsihlər və yalançı peyğəmbərlər törəyəcək və hətta möcüzələr də göstərəcəklər ki, imkan tapsalar seçilmişləri belə azdırsınlar, amma siz ehtiyatlı olun. Baxın, Mən sizə hər şeyi qabaqcadan dedim"[11].
Nəticədə onu deyim ki, İsa Məsihin yenidən nə vaxt qayıdacağı bilinmir, amma İncildə o "gün"ün əlamətləri verilmişdir. Hər bir imanlıya düşən iş isə odur ki, sanki "Rəbb bu gün gələcək"miş kimi daima imanda sabit və oyaq qalsın.
İslama görə
[redaktə | vikimətni redaktə et]İsa (ə) bəşər tarixində Adəmdən (ə) sonra atasız doğulan ilk və hələ ki, yeganə insandır. O, körpə ikən, bələkdə dil açıb danışmış, gələcək hadisələri xəbər vermişdir: "Mən, həqiqətən, Allahın bəndəsiyəm. O, mənə müqəddəs kitab ("İncil") verdi, özümü də peyğəmbər seçdi"[12].
İsa (ə) Allahın ən qüdrətli və möcüzəli adını ("ismi-ə’zəm") bilirdi. Bu adı söyləməklə ölüləri dirildir, sağalmaz xəstələrə şəfa verir, palçıqdan quş heykəlləri düzəldirdi və onlara üfürdükdə heykəllər canlanaraq uçurdu. İsaya (ə) dörd səmavi kitabdan biri — "İncil" nazil olmuşdur. O, pak doğulmuş, pak yaşamış, insanları haqqa hidayət etmək yolunda heç nədən qorxub-çəkinməmişdir. Nəhayət, ölümə bircə addım məsafədə olduqda Allah onu xilas edərək səmaya — öz hüzuruna aparmışdır. İsanın (ə) missiyası hələ başa çatmayıb. O, dünyanın sonuna yaxın yenə zühur edib Allahın izni ilə yerə enəcək, onu Tanrı oğlu sayanlara haqqı anladacaq, bəşərin son imamı olan Xilaskara yardım göstərəcək.
Əxlaq müəllimi
[redaktə | vikimətni redaktə et]İsa (ə) özündən əvvəlki bəzi peyğəmbərlər kimi silahlı mübarizə aparmamış, müharibə etməmişdir. Nə Davud (ə) kimi hökumət qurmuş, nə də Musa (ə) kimi öz xalqını əsirlikdən xilas etmişdir. İsa (ə) bəlkə də bunlardan daha çətin və daha mühüm bir vəzifənin icrasına girişmişdi. O, ürəklərdə Allahın hökumətini qururdu. O, insanları öz tamah və nəfslərinin əsirliyindən xilas etməyə çalışırdı. İsa (ə) şəhərləri, kəndləri dolaşıb, xalqa nəsihət və öyüd verən əxlaq müəllimi, mənəviyyat ustadı, ruh həkimi idi. Onun üçün ölüləri diriltmək, ölü qəlbləri diriltməkdən ötrü vasitə idi. Onun üçün xəstələri sağaltmaq, zəlalət mərəzinə tutulmuş ürəklərə şəfa verməyin müqəddiməsi idi.
"Məryəm oğlu İsa (ə) daşı mütəkkə kimi başının altına qoyar, qaba və kobud paltarlar geyər, quru çörək yeyərdi… Həyat yoldaşı yox idi ki, onun qayğısına qalsın. Övladı yox idi ki, öz qayğıları ilə onu kədərləndirsin. Sərvəti yox idi ki, başını qatsın. Tamahı yox idi ki, onu xar etsin. Miniyi — öz ayaqları, nökəri — öz əlləri idi"[13].
Bu gün əlimizdə olan İncilləri oxuyanda və xristian kilsəsinin təbliğat metodları ilə tanış olanda belə qənaətə gəlirik ki, İsanın (ə) dini laqeydlik, məsuliyyətsizlik, xəyalpərəstlik, zülmlə barışmaq ideyalarının məcmusundan ibarətdir. Guya Həzrəti İsa (ə) ədalət uğrunda hər cür mübarizə və inqilabları rədd edirdi. İki minillik boyunca Həzrəti İsanın (ə) dünyagörüşünün xarakterik xüsusiyyətləri kimi, "Hər kəs sənin sağ yanağına şillə vursa, sol yanağını da ona tərəf çevir", "Hər kəs sənin üst geyimini tələb etsə, alt geyimini də ona hədiyyə et" ifadələrnin insanlara təqdim olunması da məhz bu məqsədi daşıyır.
Görəsən, İsanın (ə) həqiqi siması doğrudanmı belə imiş? Doğrudanmı, bu yeni şəriət sahibi, "Ruhullah" ləqəbli peyğəmbər yalnız belə ideyaların təbliği üçün göndərilmişdi? Əgər belə idisə, İsanın (ə) dediklərində nə qorxulu ideya var idi ki, onu aradan götürmək istəyirdilər? Məgər istisnasız olaraq hamıya məhəbbət, zülmlə barışıq çağırışları Allahı tanımayan ruhanilərin, uca qəsrlərdə yaşayan hakimlərin, pul və sərvət sahiblərinin mənafeyinə uyğun deyildimi? İsa (ə) onlarla hansı düşmənçiliyinə görə dar ağacına sürüklənirdi?
Elə mövcud İncillərə diqqətlə nəzər salsaq, əsil həqiqətlə üzləşərik. Həqiqət isə budur: İsanın (ə) dini əslində tam inqilabi bir təlim idi. Zaman keçdikcə bu təlim təhrif edilərək, camaata xəyalpərəstlik və süstlük aşılayan tiryəkə çevrildi, amma Həzrəti İsa (ə) bu cür deyildi. O, tamam başqa sözlər deyir, başqa fikirlər yayırdı: "Elə düşünürsünüz ki, mən dünyaya sülh gətirməyə gəlmişəm? Yox, əksinə, ayrılıq salmağa gəlmişəm! Çünki bundan sonra bir evdə yaşayan beş nəfər bir-birinə zidd olacaq: üçü ikisinə qarşı və ikisi üçünə qarşı; ata oğula və oğul ataya qarşı, ana qızına və qız anaya qarşı, qayınana gəlinə, gəlin qayınanaya qarşı olacaq"[14].
"Hər kəs atasına, anasına, arvad-uşağına, qardaş-bacısına, hətta öz həyatına düşmən deyilsə (yəni lazım olduqda bunları qurban verə bilmirsə), mənim yanıma gəlsə də, şagirdim ola bilməz. Hər kim öz çarmıxını daşıyıb, mənim ardımca gəlmirsə, mənə şagird ola bilməz!" (Luka İncili, XIV, 26–27).
Həzrəti İsanın (ə) əsas iki mübarizə hədəfi var idi: saraylarda bəslənən yalançı, muzdur ruhanilər və pulu tanrı sayan insafsız varlılar. Məryəmin haqsevər oğlu ruhani geyimli fırıldaqçılar barəsində həvarilərə tövsiyə edirdi: "Tövrat yazan katiblərdən ehtiyatlı olun! Onlar uzun paltarlarda nazlanmağı, meydanlarda, cəmiyyət içində salam almağı, məbədlərdə baş kürsüləri, ziyafətlərdə yuxarı yerləri sevirlər. Onlar dul qadınların evini talayır, riyakarcasına uzun-uzadı ibadət edirlər. Onlar ağır cəzaya düçar olacaqlar"[15].
Həzrəti Məsih (ə) Allaha yaxınlaşmaq yolunda var-dövlətin necə böyük maneə olduğunu xatırladır və insanları dünya ləzzətlərinə aludə olmamağa çağırırdı: "Heç kim iki ağaya qulluq edə bilməz. Çünki ya birinə nifrət edib digərini sevəcək, ya da birinə yaxın olub digərinə xor baxacaq. Siz eyni zamanda həm Allaha, həm də mal-dövlət bütünə itaət edə bilməzsiniz"[16].
Həzrəti İsa (ə) öz zəmanəsində dünya məzlumlarına yönəlmiş əvəzsiz manifestin müəllifidir: "Ey bütün zəhmətkeşlər və ağır yüklülər, mənim yanıma gəlin! Mən sizə rahatlıq verərəm. Mənim hakimiyyətimi qəbul edin və məndən öyrənin, onda canınız rahat olar. Mənim itaət zəncirim asanlıq və rifahdır, yüküm yüngüldür"[17].
İsa (ə) şüurlarda başlanan inqilabın tərənnümçüsü, dünya məzlumlarının azadlıq ideyalarının bayraqdarıdır. İsa (ə) özünün məşhur "qılıncı olmayan paltarlarını satıb qılınc alsın!" çağırışı ilə zülmlə barışmazlıq və azadlıq rəmzidir.
İsa (ə) Həzrəti Muhəmmədi (s.ə.s.) müjdələyir
[redaktə | vikimətni redaktə et]"Məryəmin oğlu İsa dedi: "Ey Bəni-İsrail, mən Allahın sizə göndərdiyi peyğəmbərəm. Məndən öncəki Tövratı təsdiqləyirəm və məndən sonra gələcək Əhməd adlı peyğəmbərlə sizi mücdələyirəm"[18].
Həzrəti Muhəmməd peyğəmbər (s.ə.s.) barəsində İncildəki xəbərlərdən danışarkən, kilsə tərəfindən qeyri-qanuni sayılmış və bütün nüsxələrinə qarşı əsil "ov" elan edilmiş "Barnaba İncili" kimi mənbələrdən söz açmayacağıq. Yalnız kilsənin qanuni mətnlərdən biri kimi tanıdığı İohann İncilindəki əlamətləri araşdıracağıq.
Həzrəti İsa Məsihin (ə) öz həvariləri ilə son görüşü İohann İncilində ətraflı təsvir olunmuşdur. İsa (ə) yemək süfrəsi arxasında həvarilərlə halallaşıb onlara son tapşırıqlarını verirdi:
"Mən sizə düzünü deyirəm: mənim getməyim sizin üçün daha yaxşıdır. Çünki mən getməsəm, Təsəlliverici yanınıza gəlməyəcək. Əgər mən getsəm, onu sizə göndərərəm. O, gələndə dünyadakı günahları, yalanları və haqsız hökmləri ifşa edəcək… O, yə’ni həqiqət ruhu gələndə sizi həqiqətə doğru hidayət edəcək. Çünki o özündən danışmayacaq, yalnız eşitdiyini deyəcək və gələcək barədə xəbər verəcək" (XVI, 8–13).
Əvvəla, bunu deyək ki, o biri İncillər kimi İohann İncilinin də əlimizdə olan ən qədim nüsxəsi yunan dilindədir, halbuki Həzrəti İsa (ə) və onun şagirdləri yunan yox, arami dilində danışırdılar. Demək, İncillərdəki heç bir söz İsanın (ə) dilindən çıxan kəlmələrin oricinalı deyildir. İohann İncilindəki Həzrəti İsanın (ə) bütün sözləri də (əgər həqiqətən onundursa) yalnız tərcümədir.
İohann İncilinin yunanca mətnində işlənmiş "Paraklitos" sözü "təsəlliverici", bə’zən isə "müdafiəçi, vəkil" kimi mə’nalandırılmışdır. Əslində isə "Paraklitos" sözü leksik baxımdan yunan dilinin tam ziddinədir və "Periklitos" kəlməsinin eybəcər hala salınıb dəyişdirilməsi nəticəsində yaranmışdır. İohann İncilinin ilkin yunan variantında "Periklitos" ifadəsi işlənmiş, sonralar məqsədli şəkildə dəyişdirilərək "Paraklitos" şəklinə salınmışdır.
Yunan dilindən tərcümədə "Periklitos" (Periqlytos) kəlməsi "çox bəyənilmiş, çox tə’riflənmiş" mə’nasını bildirir. Heç təsadüfi deyil ki, bu sözlərin ərəb dilində qarşılığı "Əhməd"dir. "Əhməd" də "çox tə’riflənmiş, çox həmd edilmiş" deməkdir. Deməli, Həzrəti İsa (ə) həvariləri ilə vidalaşarkən, İslam peyğəmbərini ən məşhur ləqəbi ilə — "Əhməd" adlandırmışdır. İncil qələmə alınarkən bu söz yunan dilinə "Periklitos" kimi tərcümə olunmuş, daha sonra təhrif edilərək "Paraklitos" (Təsəlliverici) şəklinə salınmışdır.
Bəli, bu həmin Əhməddir ki, Həzrət İsa (ə) onun insanlarla əbədi qalacağını (yə’ni şəriətinin əbədi olacağını), bəşəriyyəti doğru yola və həqiqətə sarı hidayət edəcəyini, günah və yalanların, haqsız hökmlərin iç üzünü açacağını, özündən deyil, Allah adından vəhylə danışacağını mücdələmişdir.
"O, özündən danışmayacaq, yalnız eşitdiyini deyəcək", — cümləsi Qurani-Kərimin məşhur bir ayəsinin eynidir. Qur’anın "Nəcm" surəsinin 3–4-cü ayələrində Allah-Təala Həzrəti Muhəmməd (s) haqqında belə buyurur: "O, heç vaxt öz şəxsi istəyi ilə söz deməz. Onun dediyi yalnız vəhydir".
Xaç əfsanəsi
[redaktə | vikimətni redaktə et]"Onlar: "Məryəm oğlu İsa Məsihi öldürdük", — dedilər, halbuki onlar İsanı nə öldürdülər, nə də çarmıxa çəkdilər. Bu, onlara belə göründü. Bu barədə fikir ayrılığına düşənlər şəkk-şübhə içindədirlər. Onların buna dair heç bir məlumatı yoxdur. Onlar ancaq zənnə qapılırlar. Həqiqətdə, onlar İsanı öldürməmişlər. Xeyr, Allah onu öz dərgahına qaldırmışdır. Şübhəsiz, Allah qüvvət və hikmət sahibidir"[19].
Quranın bu ayələri öz dövründə 600 illik tarixə malik "xaç əfsanəsi"ni yerlə-yeksan etmişdir. İsa (ə) xristianların iddia etdiyi kimi, çarmıxa çəkilməmişdir. Hər şey çox sadə və ədalətli şəkildə baş vermişdir. Belə ki, İsanı (ə) 30 qızıl parçasına satan Yəhuda öz xəyanətinin qurbanı oldu. Sonsuz qüdrət sahibi olan Allah Yəhudanın sifətini İsaya (ə) bənzətdi və əsgərlər bu xainin özünü tutub dara çəkdilər. Yəhuda, onu İsa (ə) sayan dostların və düşmənlərin gözü qarşısında, iki yolkəsən quldurla birlikdə çarmıxın üstündə can verdi, əsil İsa (ə) isə səmaya yüksəlib, öz qövmündən şikayətlər dolusu qəlblə Allahın hüzuruna tələsdi.
İsaya (ə) qalib gələ bilməyən xainlər onun xatirəsini ürəklərdən silmək üçün çarə tapdılar. Əsil İsanı (ə) yaddaşlardan silmək üçün yalançı İsa obrazı yaratdılar. "Yeni" İsa adi insan deyildi, Tanrının oğlu idi; xalqı zülmə qarşı mübarizəyə səsləmirdi, əksinə, insanlara deyirdi ki, onların qanını içən zalımlara qardaş desinlər. Bu İsa bir-biri ilə uyğun gəlməyən dolaşıq sözlər danışır, məntiqsiz hərəkətlər edirdi, şərab içirdi! Get-gedə böyük missiya sahibi olan İsa (ə) unuduldu, onun yerini cılız və iradəsiz, oyuncağabənzər fiqur tutdu. Bütün ömrünü təkallahlılıq dininin təbliğinə həsr etmiş, beşikdə ikən dil açıb: "Mən yalnız Allahın bəndəsiyəm", — söyləmiş İsa Məsih (ə) isə Allahın hüzurunda bütün bunları səbirlə izləyərək, dünyanın sonunu gözləyir: "O zaman (qiyamət günü) Allah belə buyuracaq: "Ey Məryəm oğlu İsa! Sənmi insanlara demişdin: "Allahla yanaşı, məni və anamı da özünüzə tanrı bilin!" İsa cavabında deyəcək: "Sən pak və müqəddəssən. Haqqım çatmayan sözü söyləmək mənə yaraşmaz! Əgər mən bunu demiş olsaydım, Sən mütləq bilərdin. Sən mənim ürəyimdə olan hər şeyi bilirsən, mən isə Sənin zatında olanları bilmirəm. Şübhəsiz, qeybləri bilən ancaq Sənsən! Mən onlara, yalnız Sənin mənə etdiyin əmri çatdırıb belə demişəm: "Mənim də, sizin də rəbbiniz olan Allaha ibadət edin!"[20].
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]- İsa Xristianlıqda
- İncil
- İsa Məsihin tarixiliyi
- Məsihin dirilməsi (Rafael)
- Məsihin Qolqofa yolunda çöküşü (Rafael)
- Məsih (I hissə)
- Məsih (II hissə)
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ İncil, Yəhya 1:1–4, 14,15
- ↑ İncil, Luka 1:26–32
- ↑ İncil, Matta 1:21
- ↑ İncil, Yəhya 14:6-7
- ↑ İncil, Yəhya 15:5b
- ↑ İncil, Yəhya 1:12
- ↑ İncil, Matta 24:29–31
- ↑ İncil, Matta 25:31,32
- ↑ 2. Peter 3:13
- ↑ Həv. İşl 1:7
- ↑ İncil, Mark 13:21–23
- ↑ Qurani Kərim, Məryəm, 30
- ↑ Həzrəti Əli (ə) — "Nəhcu'l-bəlağə", 159-cu xütbədən
- ↑ Luka İncili, XII, 51–53
- ↑ Mark İncili, XII, 38–40
- ↑ Matfey İncili, VI, 24
- ↑ Matfey İncili, XI, 23–30
- ↑ Qurani Kərim, "Səff" surəsi, ayə 6
- ↑ Qurani Kərim, Nisa, 157–158
- ↑ Qurani Kərim, Maidə, 116–117