Carkutan
Carkutan (özb. Jarqoʻton) – Özbəkistan Resppublikasının Surxandərya vilayətinin Şerabad rayonunda Tunc dövrünə aid arxeoloji kompleks (e.ə. 1900–1600-cü illər). 1973-cü ildə rus və özbək arxeoloqları (Ş.R. Pidayev, V.N. Pilipko, A.A. Əsgərov) tərəfindən aşkar edilmişdir. Sonradan özbək və özbək-alman ekspedisiyaları tərəfindən tədqiq olunmuşdur. Əsas tədqiqat işlərində Almaniya Arxeologiya İnstitutunun əməyi böyük olmuşdur. Carkutan qədim sivilizasiya ərazisi olmuş Baktiriya bölgəsinə aiddir. Kompleks Termez şəhərinin 50 km-də yerləşir. Bu mədəniyyət nümunələrinə Türkmənistanın cənub-şərqində, Əfqanıstanın şimalında, Tacikistan və İran ərazilərində qeydə alınmış.
Ümumi məlumat
[redaktə | mənbəni redaktə et]Ümumi sahəsi 100 hektar olan ərazidə şəhər yeri, (sahəsi 4 hektar) ona bitişik məskən və məzarlıqlar (20 hektar) bir neçə təpədə yerləşir. Yaşayış tikililəri massivi, şəhər yerindəki “od məbədi” (bürcləri olan düzbucaqlı divarlarla əhatələnmiş və mərkəzində mehrab yerləşən səki), saray və ona bitişik qala, 1500 dəfn yeri (meyitlər bükülü vəziyyətdə, daha sonrakı dövrlərə aid qəbirlərdə isə yumşaq toxumalardan ayrılmış sümüklər dəfn olunmuşdur) öyrənilmişdir. Bəzi yerlərdə katakomba formalı qəbrlərədə rast gəlinir. Tunc alətlər, bəzək əşyaları (o cümlədən başlıqları muflon, qoyun və s. formalarda olan sancaqlar); üzərində həndəsi naxışlar, yaxud heyvan təsvirləri olan tunc, daş, saxsı və gəcdən düzəldilmiş möhürlər; məbəddə antropomorf və zoomorf saxsı heykəlciklər, su quşları formasında qablar, qab qırıqları və səthində cızılmış təsvirlər (quş, qoç, uzunqulaq, ilan, qurbağa, qaban, qamışlıq pişiyi, əqrəb və s.) olan qab altlıqları aşkar olunmuşdur.[1] Əsas binanın qərb hissəsində daha qədim yaşayış məskəninin izləri görsənir. Sadə planlı bu tikilinin ölçüləri 49 m² (7 m × 7 m)-dir. Əsas yaşayış məskənləri ölçüləri 55x29x9 sm olan kərpiclərlə tikilmiş. Otaqların divarları saman qatılmış palçıq suvaqla örtülmüş. Küçələr darısqaldır. Əsas küçə böyük məbədə doğru aparır.
Şəhər yerində e.ə. 2-ci minilliyin sonu – 1-ci minilliyin əvvəllərində sakinlərin şəhəri tərk etməsi dövrünə aid zibil çalaları var. Carkutan Şimali Bəlx sivilizasiyası ocaqlarından birinin (Daşlı mədəniyyətinə bənzər) mərkəzi idi. Məbəd, bəzi qəbirlər və tapıntılar “protozərdüşti” kultla əlaqələndirilir. Carkutanın materialları əsasında xronoloji cədvəl işlənib hazırlanmış və Özbəkistanın cənubunda Tunc dövrünün Carkutan mərhələsi müəyyən ləşdirilmişdir.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Carkutan // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 5-ci cild: Brüssel – Çimli-podzol torpaqlar (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2014. səh. 191–192. ISBN 978-9952-441-10-9.
- OʻzME. Birinchi jild. Toshkent, 2000-yil
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Джаркутан". 2019-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-30.