Benqal ədəbiyyatı
Benqal ədəbiyyatı - benqal dilində ədəbiyyat. Cənubi Asyia ədəbiyyatlarından biri. Benqal ədəbiyyatının ən qədim abidələrindən “Çaryagiti” (“Doğru yol nəğmələri”) buddist (tantrik) məzmunlu mənzum mətnlərdir (X–XII əsrlər). Müsəlman fəthindən (XIII–XIV əsrlər) sonrakı ilk dövrlərdə yazılı abidələr demək olar ki, saxlanılmamışdır. XV–XVIII əsrlərdə benqal dilində geniş ədəbiyyat yaranmışdır. Lakin bu ədəbiyyat sanskrit, ərəb və fars dillərində olan ədəbiyyatlarla müqayisədə hind mədəniyyətindən asılı idi.
Tarixi
[redaktə | vikimətni redaktə et]XIX əsrə qədər benqal dilində nəsr olmamışdır. Poeziya ənənəvi estetik kanonlar çərçivəsində kifayət qədər məhdud mövzular və süjetlər ətrafında yaranmışdı. “Mahabharata”, “Ramayana”, Puranlar dəfələrlə benqal dilinə uyğunlaşdırılmışdır. “Ramayana”nın uyğunlaşdırılmış ən erkən və geniş yayılmış varinatını Krittibaş Ocha yaratmış (XV əsr), Mahabharatanın isə ən məşhur uyğunlaşdırılması Kaşi ram Daşa aid edilir (XVI əsr). Yerli allahlara, əsasən, ilanların hökmdarı Monoşaya və allah Şivanın arvadı ilə eyniləşdirilən vəhşi heyvanların himayəçisi Çondiyə həsr olunmuş poema-rəvayətlər (monqol-kabbo) XV–XVIII əsrlər ənənəvi Benqal ədəbiyyatının özünəməxsus qatıdır. İlahə Çondi haqqında süjetin klassik işlənilməsi (“Çon dinin şərəfinə poema”) Çokroborta Mukundorama aiddir. Benqaliyada Krişna mifləri, xüsusilə Krişna və Radhanın məhəbbətinə həsr olunmuş süjet böyük populyarlıq qazanmışdı.[1]
Benqal ədəbiyyatının məşhur abidəsi “Krişnanın şərəfinə nəğmə” (XV əsr; müəllifi Çondidaş) poemasıdır. Çaytanya XVI əsrin əvvəllərində Krişna kultu (benqal vişnuizmi) ilə bağlı olan dini-islahatçı hərəkatın əsasını qoymuşdur. Bu istiqamətdə zəngin ədəbiyyat yaranmışdır. Benqal ədəbiyyatının inkişafında müsəlman şairlərin də böyük rolu olmuşdur. Onlardan ən görkəmliləri ənənəvi müsəlman və hinduist süjetlərinə yazılmış poemaların müəllifləri Dövlət Qazi və Səid Ədaüldür. Sanskrit, benqal və fars poeziyası ənənələrini sintez etmiş Bharotçondro Ray və ilahə Kaliyə müraciət şeir-nəğmələrinin yaradıcısı Rampro şad Şen XVIII əsrin görkəmli şairlərindəndir. XVIII əsrin 2-ci yarısı Benqaliyada siyasi və mədəni tənəzzül, Britaniya hakimiyyətinin möhkəmlənməsi dövrüdür.
XIX əsr
[redaktə | vikimətni redaktə et]XIX əsrdə Benqal ədəbiyyatı Avropa ədəbiyyatının təsiri ilə transformasiyaya məruz qalır. Çapçılıq, dövri mətbuat yaranır; ədəbiyyat sosial mədəni həyatda fəal rol oynamağa başlayır. Reformatorlar Rammohan Ray, İşşorçondro Şorma, Biddeşaqor və b. nəsrin əsasını qoymuşdular. 1858-ci ildə Periçand Mitronun “Varlı evin ərköyünü” adlı ilk benqal romanı ayrıca kitab şəklində çapdan çıxır. Bonkimçondro Çottopaddahayın romanları ümumhind əhəmiyyəti kəsb edir. Ən görkəmli hind şairlərindən biri, nasir və dramaturq Robindranat Taqorun (Nobel mükafatı, 1913) yaradıcılığı Benqal və bütün hind mədəniyyətində mərhələ təşkil etmişdir. O, həmçinin bəstəkar, rəssam və pedaqoq olmuşdur.
1920-ci illərdə müsəlman şair Nəzrul İslamın yaradıcılığı xüsusilə fərqlənmişdi. 1930-cu illərdə Benqal ədəbiyyatında müasir qərb poeziyası ənənələrinin təsirini qəbul etmiş şairlər pleyadası meydana gəlmişdi: C. Daş, Ş. Dotto, O. Çokroborti, Bişnu De, həmçinin nasir kimi də məşhur olan B. Boşu, P. Mitro və b. Nəsrdə yeni yollar açmış nasirlərdən Bibhutibhuşon Bondopaddhay, Taraşonkor Bondopaddhay, Manik Bondopaddhay, O. Ray və b.-nı göstərmək olar.
XX əsrin ortalarından Benqal ədəbiyyatı 2 dövlətdə – Hindistan və Banqladeşdə (1947–71 illərdə Şərqi Pakistan) inkişaf etmişdir. Bu dövlətlərin müxtəlif siyasi və sosial-mədəni təcrübələrini əks etdirən iki qolu bir-biri ilə sıx bağlıdır. R. Taqorun, habelə başqa benqal yazı çılarının bəzi əsərləri Azərbaycan dilinə tərcümə edilmişdir
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Товстых И. Бенгальская литература. М. 1965; Сен С. History of Bengali literature. New Delhi. 1992.
- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. ISBN 978-9952-441-00-0.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Sen, Sukumar (1979) [1960]. History of Bengali (3rd ed.). New Delhi: Sahitya Akademi. pp. 65–66. ISBN 81-7201-107-5.