Anemiya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Anemiyanın (Qan azlığının) simptomları
.

Anemiya, həmçinin qanazlığı (Qədim yunan dilindən tərcümədə ἀναιμία anaimia, "qan çatışmazlığı", prefiks ilə, ἀν- an-, "antonim-inkar şəkilçi" + αἷμα haima, "qan") — qanda qan hüceyrələrinin sayının yaxud da, qanın ümumi həcmində eritrositlərinhemoqlobinin miqdarının azalması ilə səciyyələnən xəstəlik və ya müxtəlif xəstəliyi müşayiət edən patoloji hal. Digər izahla, qanın oksigeni daşıma qabiliyyətinin azalması. Anemiyaya çoxlu qan itirildikdə (yaralandıqda, mədə-bağırsaq, ağciyər, burun, uşaqlıq və s. qanaxmaları zamanı), kimyəvi maddələrlə zəhərləndikdə, bədxassəli şiş törəmələrində, B12 vitamini çatışmadıqda və s. hallarda rast gəlinir.

Anemiyanın baş verməsinə daha çox orqanizmdə dəmir çatışmazlığı səbəb olur; bu, "Dəmir defisitli anemiya" adlanır. Anemiyanın normoxrom, hipoxrom və hiperxrom növləri var. Rəng göstəricisi normoxrom anemiya zamanı dəyişmir, hipoxrom anemiyada azalır, hiperxrom anemiyada isə artır. Anemiyalar kəskin və xroniki olur. Müxtəlif travmalar, mədə xorası, uşaqlıq və ağciyər qanaxması nəticəsində sürətlə yaranan qanazlığında kəskin, qanaxma tədricən olduqda isə xroniki olur. Yalnız eritrositlərin deyil, həm də leykosit və trombositlərin azalması ilə müşayiət olunan anemiya "Aplastik anemiya" adlanır. Hemolitik anemiyada eritrositlərin parçalanması baş verir.

Anemiya qan xəstəlikləri arasında ən məşhurudur və dünyanın ¼ hissəsi bu narahatlıqdan əziyyət çəkir. Dünyada qanda dəmir çatışmazlığı səbəbindən inkişaf edən anemiyadan əziyyət çəkən insanların sayı isə 1 milyarddan artıqdır.

Tibbi araşdırmalara görə, qadınlar kişilərə nisbətən daha çox anemiyadan əziyyət çəkirlər. Anemiyadan əziyyət çəkən insan qrupları arasında uşaqlar və hamiləlik dövrü keçirən qadınlar da çoxluq təşkil edir.

Dəmir çatışmazlığı körpələrdə anemiyanın ən vacib və ən çox yayılmış səbəbidir. Gənc uşaqlar kifayət qədər dəmir ala bilmirlərsə, qısa müddətdə anemiya yaşaya bilərlər. Çünki, dəmir hemoglabinin istehsalı üçün zəruri komponentdir. Bundan əlavə, vitamin çatışmazlığı anemiyanın səbəblərindən biridir.

Körpə 1 yaşından tez inək südü içməyə başlarsa və anasüdündən yeterincə faydalanmazsa, əlavə qidaya başlaması ilə bərabər dəmir tərkibli qidaları qəbul etməzsə, dəmir çatışmazlığı və anemiya ilə qarşılaşa bilər.

Selikli qişanın və dərinin solğunlaşması, zəiflik, başağrısı, baş gicəllənmə, təngnəfəslik, ürək döyünmə, qulaqlarda küy, ürək-damar çatışmazlığı və s. Anemiya yavaş-yavaş inkişaf etdikdə simptomları, əsasən, qeyri-müəyyən olur: yorğun hissetmə, zəiflik, nəfəs darlığı, bədənin hərəkətinə, fiziki hərəkətə həvəsin olmaması və s. Anemiya sürətlə inkişaf etdikdə isə simptomlar, əsasən, ağır olur və daha çox özünü büruzə verir: çaşqınlıq və təlaş, huşun itməsi, şüur və düşünmə qabiliyyətinin zəifləməsi və həddindən artıq susuzluq hissi. Ağır anemiya əsasən, güclü travmatik arterial qanaxma zamanı baş verir.

Anemiyaya səbəb olan amillərin aradan qaldırılması, kəskin və xroniki anemiya zamanı xəstəyə qan (və ya eritrositar kütlə) köçürülməsi, vitaminlərlə zəngin qidalanma.[1]

Müxtəlif yaş və cins qruplarından olan sağlam insanların

qanında normalda mövcud olan Hemoqlobin miqdarı (1qr/Litr ≈ 0.6mmol/Litr)

Yaş və cins qrupları Hemoqlobin miqdarı (qr/litr) Hemoqlobin miqdarı (mmol/litr)
Uşaqlar (6 aylıqdan-5 yaşa qədər) 11.0 6.8
Uşaqlar (5–12 yaş arası) 11.5 7.1
Yeniyetmələr (12–15 yaş arası) 12.0 7.4
15 yaşdan yuxarı qadınlar 12.0 7.3–7.4
Hamilə qadınlar 11.0 6.8
15 yaşdan yuxarı kişi cinsi 13.0 8.1
  • Əli Polad. Bir damla su, I cild. Bakı,2011
  • Biologiya lüğəti. Bakı: Çaşıoğlu, 2011, səh. 63.
  • https://www.emedicinehealth.com/anemia/page3_em.htm
  • Janz, TG; Johnson, RL; Rubenstein, SD (Nov 2013). "Anemia in the emergency department: evaluation and treatment.". Emergency medicine practice.
  • T; Flaxman, AD; Naghavi, M; Lozano, R; Michaud, C; Ezzati, M; Shibuya, K; Salomon, JA; et al. (Dec 15, 2012). "Years lived with disability (YLDs) for 1160 sequelae of 289 diseases and injuries 1990–2010: a systematic analysis for the Global Burden of Disease Study 2010". Lancet.
  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 495. ISBN 978-9952-441-02-4.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]